4.1. BFMQƏ-nin tərkibində Nazirliyin təsdiq etdiyi və bu Qaydanın 3.10.1-ci yarımbəndində nəzərdə tutulmuş siyahıya uyğun bioloji fəal maddələr və qida komponentləri istifadə edilməlidir.

4.2. BFMQƏ-nin hazırlanmasında istifadə olunan komponentlər insanın həyat və sağlamlığına zərərli təsir göstərməməlidir.

4.3. BFMQƏ-nin istehsalında genetik modifikasiya olunmuş məhsullardan, nanomateriallardan, hormonlardan, pestisidlərdən, həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, güclü təsir edən və zəhərli maddələrdən və Beynəlxalq Anti-Dopinq Agentliyinin qüvvədə olan siyahısı ilə müəyyən olunan dopinq maddələrindən istifadə edilməsi qadağandır.

4.4. BFMQƏ-nin tərkibinə vitamin və mineral maddələrin Nazirliyin təsdiq etdiyi və bu Qaydanın 3.10.2-ci yarımbəndində nəzərdə tutulmuş siyahıda göstərilən təsiredici maddə formalarında və dozada daxil edilməsinə yol verilir.

4.5. 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulan BFMQƏ-nin tərkibinə daxil olan vitamin və mineral maddələrin miqdarı Nazirliyin təsdiq etdiyi və bu Qaydanın 3.10.2-ci yarımbəndində nəzərdə tutulmuş siyahıda göstərilən həddin 50 faizini təşkil etməlidir.

4.6. BFMQƏ-nin və dərman vasitələrinin tərkibi eyni və ya bu məhsulun komponentlərinin dozaları onun yol verilən istifadə səviyyəsindən yuxarı ola bilməz.

4.7. Bu Qaydanın 4.1 – 4.6-cı bəndlərinə əsasən BFMQƏ-nin tərkibində onu yeyinti məhsullarından və dərman vasitələrindən fərqləndirən aşağıdakı əsas xüsusiyyətlərin olması nəzərə alınmalıdır:

4.7.1. BFMQƏ-nin insan orqanizminin normal fizioloji funksiyalarını qoruyub saxlamaq və insanın gündəlik normal fizioloji rasionunu təmin etmək üçün nəzərdə tutulması;

4.7.2. BFMQƏ-nin terapevtik effektinin olmaması;

4.7.3. BFMQƏ-nin ciddi əlavə təsirinin olmaması.