5.1. BFMQƏ-nin qablaşdırılması dövriyyənin bütün mərhələlərində onların təhlükəsizliyi və keyfiyyətini təmin etməlidir.

5.2. BFMQƏ-nin qablaşdırılmasında onlarla təmasa yol verilməyən materiallardan istifadə edilməməlidir.

5.3. İdxal olunan BFMQƏ-nin qablaşdırması üzərində xarici dildə olan yazılar Azərbaycan dilində də olmalıdır.

5.4. BFMQƏ-nin qablaşdırmasının üzərində onların BFMQƏ-yə aid olması göstərilməlidir.

5.5. BFMQƏ-nin qablaşdırmasında BFMQƏ-nin istifadə qaydası, tərkibində göstərilən komponentlərin beynəlxalq adları, aktiv komponentlərin isə miqdarı və istehsalçı tərəfindən tövsiyə edilən sutkalıq doza miqdarı göstərilməlidir.

5.6. Bu Qaydaya əsasən 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş BFMQƏ-nin qablaşdırmasında onun əmtəə nişanı ilə yanaşı, “4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur” ifadəsi göstərilməlidir. Bu yaş qrupu üçün nəzərdə tutulmayan BFMQƏ-nin qablaşdırmasında uşaqlar üçün nəzərdə tutulduğunu göstərən şəkil, rəsm və ifadə verilə bilməz.

5.7. BFMQƏ-nin qablaşdırması üzərində aydın seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan formada çap olunmuş “Dərman vasitəsi deyildir” və “Uşaqların əli çatmayan yerdə saxlayın” sözləri yazılmalıdır.

5.8. Qablaşdırmada (etiketdə) bu Qaydanın 5.5-ci bəndində qeyd olunanlarla yanaşı, aşağıdakı məlumatlar da göstərilməlidir:

5.8.1. istehsalçının adı, yerləşdiyi ölkə, ünvanı, əmtəə nişanı;

5.8.2. BFMQƏ-nin buraxılış forması;

5.8.3. qablaşdırmada olan doza;

5.8.4. BFMQƏ-nin saxlanma şəraiti;

5.8.5. BFMQƏ-nin seriyası;

5.8.6. BFMQƏ-nin yararlılıq müddəti (istehsal və son istifadə tarixləri göstərilməklə).